"Hazırlığa yanvarın 5-də Qəbələdə başladıq. Həm fiziki, həm də taktiki-texniki hazırlığın üzərində dayanmaq planımızda var idi. Qəbələdə hər cür şərait var. Əvvəl də dediyim kimi, yoxlama matçları üçün Antalyaya getməyə ehtiyac yoxdur. Bu baxımdan ciddi sıxıntı yaşamadıq. Çempionatda fasilə uzun olmadığından 1 oyunla kifayətlənmək olar".
"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri yoxlama matçından sonra deyib.
41 yaşlı mütəxəssis komandasının inkişafda olduğunu bildirib: "Bu, "Qəbələ"nin maksimumu deyil. Daha yaxşı olacağına ümid edirəm. Getdikcə öz oyunumuzu daha yaxşı nümayiş etdirəcəyik. Düzdür, çatışmazlıqlarımız var. Amma bu sirri vermək istəmirəm. Futbolçularımız məsuliyyəti dərk edir və tapşırıqları səylə yerinə yetirirlər. Qol epizodları yaradırıq, bunun özü də güc tələb edir. Sadəcə, ustalıq çatmır. Vaxt keçdikcə bu problem də həllini tapacaq".
Baxşıyev transfer məsələsinə də toxunub: "Buna sırf avrokuboklara vəsiqə qazanmaq prizmasından yanaşmırıq. Sadəcə, komandanı komplektləşdirib, rəqabətə hazır vəziyyətə gətirmək istəyirik. Hər bir rəqiblə matçda öz dəst-xəttimizi nümayiş etdiririk ki, bu da bizi sevindirir. "Rəhbərlikdən yeni transfer istəmişəm. Amma hərşey büdcədən asılıdır. Büdcəmiz imkan versə, komandada yeni futbolçular görə bilərik. Hücumameylli oyunçu axtarırıq. Bəyəndiyimiz oyunçular var. Alınsa, çempionatımıza rəng qatacaq. Onların keçidi Ceyms Adeniyinin satılmasından asılıdır".
Baş məşqçinin sözlərinə görə, nigeriyalı hücumçunun "Qəbələ"də qalmaq şansı çox aşağıdır: "Çünki məvacibi yüksəkdir. Hazırda heyətdə olduğu üçü xidmətindən istifadə edirik".
Mütəxəssis akademiyadan heyətə 4 futbolçu dəvət olunduğunu vurğulayıb: "Optimal heyətimiz var. Sadəcə, hər bir futbolçunun bu yükü hiss etməsi üçün onlara şans verdim. Bu gün akademiyadan cəlb etdiyimiz oyunçulardan 2-si bizimlə davam edəcəklər. Gələcək üçün yaxşı siqnal verən futbolçulardır. Ad çəkməyək, hər ikisi akademiyamızın yetirməsidir".
Baxşıyev Premyer Liqanın XIV turunda "Zirə" ilə keçirəcəkləri oyuna Bakıda hazırlaşacaqlarını deyib: "Zirə" ilə matça plan üzrə hazırlaşırıq. Məşqlərimiz Bakıda olacaq".
Baş məşqçi ölkə kubokunun 1/8 final mərhələsində I Divizion təmsilçisi "Turan Tovuz"la oynayacaqları matçı hələlik düşünmədiklərini bildirib: "Rəqibin oyuna ciddi hazırlaşması normaldır. Amma biz hələ kubok matçını fikirləşmirik. Əsas diqqətimiz "Zirə" ilə görüşdədir. Bundan sonra fikrimizi kuboka yönəldəcəyik. Burada da yaxşı nəticələr qazanmaq istəyirik".