Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun son iki görüşü keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Səbail" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 5-ci, paytaxt klubu isə 17 xalla 6-cı pillədə qərarlaşıb.
Bu günədək ölkə çempionatında 13 dəfə üz-üzə gəlmiş komandaların duelində "qırmızı-qaralar" 6, "dənizçilər" isə 3 qələbə qazanıb. Meydan sahiblərinin vurduğu 23 qola qonaqlar 14 topla cavab veriblər. "Qəbələ” son 7 matçda meydanı qolsuz tərk etməyib. “Səbail” isə səfərdə qalib gəlməyib.
Tura "Zirə" - "Qarabağ" oyunu ilə yekun vurulacaq. 18 oyundan 33 xal toplayan Ağdam klubu 2-ci sırada yer alıb. Qəsəbə təmsilçisi isə 29 xalla 3-cüdür.
Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş komandaların Premyer Liqada 22-ci dueli olacaq. İndiyədək baş tutmuş 21 matçın 15-də qonaqlar qalib gəliblər. 6 oyun isə heç-heçə başa çatıb. "Zirə” heç vaxt qələbə qazanmayıb. Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 46:10. “Qarabağ” son iki səfərdə qol buraxmayıb.
Azərbaycan Premyer Liqası
XIX tur
9 mart
15:00. "Qəbələ” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu.
17:15. "Zirə” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, ötən gün keçirilmiş matçlarda "Sabah" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Keşlə" üzərində inamlı qələbə qazanıb - 3:1.