"Son dəqiqəqələrdə qol buraxmaq adamı həqiqətən məyus edir. Belə şeylər futbolda olur. Bu matçı çox fikirləşmək bizə gələcək qarşılaşmalar üçün mənfi təsir göstərəcək".
Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin qapıçısı Anar Nəzirov Premyer Liqanın XVI turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları görüş barədə danışarkən deyib.
36 yaşlı qolkiper paytaxt təmsilçisi ilə görüşü unutmağa çalışdıqlarını bildirib. Son dəqiqələrdə qol buraxan təcrübəli oyunçu həmin anı belə xatırlayıb: "Zərbə qarşısıalınmaz olduğu üçün qolla nəticələndi. Gözlənilməz və oyunçuların arasından vurulan zərbə idi. Yaxşı da yerə getdi".
Kapitan baş məşqçi Elmar Baxşıyevin texniki zonadan kənarlaşdırılması və mətbuat konfransında hakimlər haqqında işlətdiyi fikirlər barədə də danışıb: "İnsan səhvsiz olmur. Baş məşqçimiz deyirsə, elədir. Hakimin də bəzi epizodlarda səhvləri var idi. Bir az dəqiq və qorxmadan qərar verə bilərdi. 10-15 sm irəli çıxmağa görə baş məşqçi qovulursa, elə mütəxəssislər var ki, hər tur texniki zonadan qovulmalıdır".
Nəzirov "Azərbaycan Premyer Liqasında və kubokunda hakim səhvləri həqiqətən çoxalıbmı" sualına belə cavab verib: "Buna cavab verə bilmərəm. Hakimlərə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik baxır və qərarlar verir. Mənim deməyimlə nəsə düzəlmir. Amma görünən odur ki, problemlər var".
Qapıçı XVII turda "Sumqayıt"la matçın vacib olduğunu sözlərinə əlavə edib: "Bizim üçün hər duel vacibdir. Rəqibdən asılı olmayaraq, bütün görüşlərə nəticə qazanmaq üçün çıxırıq. Hər matça eyni gözlə baxırıq. Çalışırıq ki, baş məşqçinin dediklərini maksimum yerinə yetirək. Biz gözəgələn futbol oynamağa çalışırıq. Qorxmuruq, çəkinmirik. Bacardığımız qədər hücum futboluna üstünlük veririk. "Sumqayıt"a qarşı da əlimizdən gəldiyi qədər yaxşı mübarizə aparacağıq".