Qətərin "Əl Sədd" klubu baş məşqçisi Xavi Ernandesin İspaniya "Barselona"sının sükanı arxasına keçməsinə razılıq verib.
"Report"un "Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, klub 41 yaşlı mütəxəssisi cari mövsümün sonunda buraxmaq niyyətindədir.
"Əl Sədd" yerli çempionatda mövsümün son matçını noyabrın 3-də keçirəcək.
Daha əvvəl "Sport.es" nəşri Xavinin "Barselona"ya getmək üçün hazırkı komandası ilə razılığa gəldiyini yazıb. Onun yaxın günlərdə Kataloniya təmsilçisi ilə müqavilə imzalayacağı bildirilib.
Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.
2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var.