Qətərin "Əl Sədd" klubu baş məşqçisi Xavi Ernandesin müqaviləni ləğv etməyə razı olduğuna dair xəbərləri təkzib edib.
"Report" klubun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, Doha təmsilçisi 41 yaşlı mütəxəssisin bütün diqqətini yalnız komandanın qarşıdakı oyunlarına yönəltdiyini bildirib.
"Əl Sədd" Xavinin iki illik müqaviləsinin olduğunu da xatırladıb.
Qeyd edək ki, Xavi Ernandes İspaniya "Barselona"sında baş məşqçi postuna əsas namizəddir. Yerli mətbuat onun "Əl Sədd" rəhbərliyi ilə görüşdüyünü, müqaviləni ləğv etmək barədə razılıq əldə etdiyini və futbolçularla vidalaşdığını yazıb. Baş məşqçinin Qətər klubu ilə sözləşməsi 2023-cü ildə başa çatmalıdır.