"Cənab Prezidentin belə dəyər verməsindən sonra öz qərarlarımda daha da rahat və inamlı oldum".
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin bu gün Azərbaycan millisinin güləşçiləri ilə görüşdə onun haqqında söylədiyi ifadələrə münasibət bildirərkən deyib.
50 yaşlı mütəxəssis həmin fikirləri eşidəndə sevindiyini vurğulayıb: "Dəfələrlə bildirmişəm ki, Ali Baş Komandandan belə xoş sözlər eşitmək mənə əlavə güc və böyük motivasiya verir. Öz işimdə daha da ciddi olmağa çalışıram. Bu gün həqiqətən mənim üçün çox xoş oldu. Hətta həyacanlandığımı da deyərdim. Çünki bu, həqiqətən çox kiçik qərar deyildi. Mən həmin anda bəlkə də 30 saniyə, 1 dəqiqə içində ağlımdan "hansı qərarı qəbul etməliyəm" deyə fikirlər keçdi. Ədalət naminə qərar veririksə, buna dəyər verilir. Cənab Prezidentin də buna dəyər verməsi mənim üçün çox xoş oldu. Bir daha ona təşəkkür edirəm".
Qeyd edək ki, Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib.