"Bakını təmsil edən "Sabah" klubunda çıxış edirəm və yeni komandamda hər şey qaydasındadır".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanm millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev Rusiyanın "spbdnevnik.ru" saytına müsahibəsində deyib.
24 yaşlı hücumçu bildirib ki, yeni klubuna qısa zamanda uyğunlaşıb: "Çempionat yeni başlayıb. "Sabah"a adaptasiya olmaq üçün çox vaxt lazım olmadı. Çünki heyətdəki bir çox oyunçu ilə bir-birimizi yaxşı tanıyırıq. Heç bir problem yoxdur".
Onun sözlərinə görə, son vaxtlar cəbhə xəttində baş verənlər futboldan da təsirsiz ötüşməyib: "Əlbəttə, müharibə təsir edir. Hamı narahat olur və bu barədə düşünür".
Şeydayev bildirib ki, çoxları onun Azərbaycan yığmasında çıxış etmək qərarının əleyhinə olub. Lakin o, heç vaxt bundan təəssüflənmədiyini vurğulayıb: "Ola bilsin, hansısa kluba keçidim düzgün deyildi. Amma bu, yığmaya heç cür şamil edilə bilməz. Azərbaycan millisində həqiqətən də xoşbəxtəm".
2016-cı ilin yayında "Zenit"dən ayrıldıqdan sonra Avropada oynamaq arzusuna çatdığını deyən hücumçu Türkiyə "Trabzonspor"unda qiymətsiz təcrübə topladığını söyləyib: "Türkiyə və onun çempionatı xoşuma gəlirdi. Hər şey: oyunlar, azarkeşlər, meydanlar ən yüksək səviyyədə idi. Özümü yaxşı hiss edirdim, amma uyğunlaşma bir ayadək çəkdi".
Şeydayev sonradan çıxış etdiyi Slovakiya və Azərbaycan çempionatları barədə də danışıb: "İcarə əsasında çıxış etdiyim "Jilina"da hər şey yaxşı gedirdi. Deyə bilmərəm ki, bu, həyatımın ən yaxşı dövrü idi. Lakin pis formada deyildim, qollar vururdum. Sadəcə, Slovakiyada məişət şəraitinə uyğunlaşmaq çox çətin idi. Azərbaycanda isə mənə daha rahatdır".
Forvard "Zenit"in bütün oyunlarını izlədiyini, amma Azərbaycanda sosial şəbəkələr bloklandığı üçün ünsiyyətin çətinləşdiyini əlavə edib.