"Məcburi fasilənin komandaya necə təsir etməsi barədə dəqiq bir şey deyə bilmərəm. Bunu qarşıdakı oyunlar göstərəcək".
Bunu "Report"a açıqlamasında "Sabah" klubunun futbolçusu Ramil Şeydayev deyib.
Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşən 24 yaşlı hücumçu meydana qələbə üçün çıxacaqlarını bildirib: "Bizi çətin oyun gözləyir. Mütləq qalib gəlməli olduğumuz qarşılaşmadır. Fikrimcə, maraqlı görüş olacaq".
Son vaxtlar start heyətinə düşməkdə və qol vurmaqda çətinlik çəkən forvard komandasının yaxşı nəticə qazanmasının daha vacib olduğunu vurğulayıb: "Əsas olan komandanın qalib gəlməsidir. Qarşıdakı oyunlarda da bunun üçün əlimdən gələni edəcəyəm. Sabahkı matçda, əlbəttə, qol vurmağa çalışacağam".
Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 17:15-də start götürəcək.