Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton" klubu baş məşqçisi Nunu Eşpiritu Santu ilə müqavilənin müddətini uzatmaq istəyir.
"Report" "Daily Star"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi 46 yaşlı mütəxəssisə illik 5 milyon funt sterlinq təklif edib.
Portuqaliyalı baş məşqçi "Vulverhempton"dan heyətin güclənəcəyi ilə bağlı zəmanət almaq istəyir. Onun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, "Vulverhempton" 2019/2020 mövsümündə Premyer Liqanı 7-ci pillədə başa vurub. Komanda Avropa Liqasının 1/4 finalında İspaniya "Sevilya"sına 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib.