"Maraqlı oyun alındı. Hər iki komanda bacardığını etdi. İlk hissəni yaxşı oynadıq. Sadəcə, fasilə öncəsi qapımızda gördüyümüz qol rəqibə motivasiya verdi. İkinci yarının əvvəli də bunun məntiqli davamı idi. Ancaq 10 dəqiqədən sonra yenidən təşəbbüsü ələ aldıq".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis ikinci hissənin ilk 10 dəqiqəsində ehtiyatlı oynadıqlarnı bildirib: "Rəqib bizi buna məcbur etdi. Ancaq sonradan yenidən oyuna diqtə edən tərəf biz olduq".
Sadıqov hakimlərdən narazı qalmadığını sözlərinə əlavə edib: "Sadəcə, oyun daim hakimlərlə dialoq şəraitində keçir. Hakimlikdən narazılığım olmadı".