"Zirə" - "Keşlə" oyunu ilə bağlı sərt cəzalar

"Zirə" - "Keşlə" oyunu ilə bağlı sərt cəzalar AFFA İntizam Komitəsinin qərarı açıqlandı
Futbol
5 May , 2021 16:36
Zirə - Keşlə oyunu ilə bağlı sərt cəzalar
Rəşad Sadıqov

AFFA İntizam Komitəsi "Zirə" və "Keşlə" komandaları arasındakı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlar qəbul edib.

"Report"un məlumatına görə, cəzaların əksəriyyəti "Zirə"yə kəsilib.

Qəsəbə təmsilçisi 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə olunub.

Komandanın müdafiəçisi Lazar Corceviç aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğundan 4 oyunluq cəzalanıb. Serbiyalı oyunçu qəsəbə klubunu 3 200 manat ziyana salıb.

Onun komanda yoldaşı Sərtan Taşkın ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Müdafiəçiyə 1 oyunluq cəza, kluba isə 200 manat məbləğində cərimə tətbiq olunub.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov oyun zamanı texniki zona qaydalarını pozub və qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. 39 yaşlı mütəxəssisə 2 oyunluq cəza, kluba isə 1600 manat cərimə kəsilib.

Sadıqovun köməkçisi Eltun Yaqublu da texniki zona qaydalarını pozub. O, meydandan kənarlaşdırıldıqdan sonra yenidən geri qayıdıb və hakimi təhqir edib. Gənc məşqçi 10 oyunluq cəza alıb, klubunu 8 000 manat ziyana salıb.

"Zirə" həmçinin meydana qanunsuz daxil olan şəxslərə görə 800 manat ödəcəyək. Oyundan sonra köməkçi hakim Pərvin Talıbova qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün klub əlavə 4 000 manat ödəməli olacaq.

Beləliklə, "Zirə" 17 800 manat ziyana düşüb. "Keşlə"yə isə 5 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə kəsilib.

Qeyd edək ki, "Keşlə" əlavə vaxtda rəqibini 3:2 hesabı ilə məğlub edib. "Zirə" ilk oyunda 2:1 hesablı qələbə qazansa da, səfərdə daha az qol vurduğu üçün finala yüksələ bilməyib.

Son xəbərlər

Orphus sistemi