"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var".
"Report"un məlumatına görə, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev Premyer Liqanın II turunda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfrasında deyib.
40 yaşlı mütəxəssis ilk hissədə hücumla yarımmüdafiə arasında məsafənin böyük olmasına münasibət bildirib: "Rəqib bizi buna məcbur etdi. "Sumqayıt" kompakt oynayırdı. Deməzdim ki, ilk qolda hər şey əldən getdi. Amma ikinci qoldan sonra vəziyyət çox mürəkkəb oldu".
Quliyev komandada gedənlərin sayının gələnlərdən çox olduğunu söyləyib: "Üstəlik, bəzi gələnləri hələ sifariş edə bilməmişik. Yeni transfer ola bilər. Qarşıdakı 20 gündə maksimum hazırlaşacağıq. Bəzi oyunçuların hələ ki, transfer vərəqəsi gəlməyib. Mən olsam da, olmasam da, bu heyət avrokuboklarda çıxış edəcək".