“Bu böyük klubla müqavilə imzaladığım üçün çox xoşbəxt və həyəcanlıyam. Ötən il Bakıda oldum və sözün həqiqi mənasında şəhərə vuruldum. “Neftçi”nin bir neçə oyununu internet vasitəsi ilə izləmişəm. Onlardan biri də “San Siro”da Milan “İnter”inə qarşı keçirilmiş matçdır. Bilirəm ki, “Neftçi” böyük tarix və ənənəsi olan klubdur".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin yeni transferi Sabir Buqrin klubun televiziyasına müsahibəsində deyib.
Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi başqa təkliflərinin də olduğunu bildirib. 24 yaşlı oyunçu “Neftçi”nin layihəsini daha çox bəyəndiyini sözlərinə əlavə edib: "Milan “İnter”i ilə İtaliyada 2:2 hesabı ilə nəticələnmiş matça və Rusiyanın “Arsenal” klubu ilə oyunlara baxmışam. Gözləntilərim “Dudelanj”la müqayisədə daha da irəliləməkdir. Düşünürəm ki, “Neftçi” ilə qrup mərhələsindən də irəli gedə bilərik. Əsas məqsədim komanda ilə çempion olmaq və Avropa Liqasında bacardığımız qədər irəliləməkdir".
Buqrin paytaxt təmsilçisinin azarkeşləri barədə də danışıb: "Azarkeşləri internet vasitəsi ilə izlədiyim oyunlarda görmüşəm. Onlarla görüşü səbrsizliklə gözləyirəm. Ümid edirəm ki, koronavirus problemi tezliklə aradan qalxar və azarkeşlərimiz tribunalara gözəl atmosferi qaytararlar".
Qeyd edək ki, "Neftçi" Sabir Buqrinlə iki illik müqavilə imzalayıb.