Şahin Diniyev: "Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm"

Şahin Diniyev: "Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" "Futbol siyasətdən uzaq olmalıdır"
Futbol
26 Mart , 2021 13:29
Şahin Diniyev: Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm
Şahin Diniyev

"Futbol siyasətdən uzaq olmalıdır. Burada nə pis, nə də yaxşı şey görürəm. Artıq biz qalib xalqıq".

Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan millisinin üzvü Aleksey İsayevin instaqramda Erik Avetyan adlı erməni istifadəçiyə qardaş deməsinə münasibət bildirərkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, ermənilərin təbrik və tənqid etmələrinə normal baxmalıyıq: "Çünki bizim başımız yuxarıdır. Hər deyimi qəbul etməliyik: yaxşını da, pisi də. O, pis deyirsə, biz pis olmuruq. Biz onsuz da qalibik. Əvvəlki vəziyyət olsaydı, sizinlə tamamilə razılaşardım, içimizdə revanşizm ola bilərdi ki, torpaqlarımız işğaldadır. Amma indi biz onlardan qat-qat yuxarıdayıq. Aşağıdakının nə deməsi o qədər də önəmli olmamalıdır".

Diniyevin sözlərinə görə hamının fikirləri fərqlidir: "Bu məsələni Alekseyin özündən soruşmaq və müəyyənləşdirmək lazımdır. Hərənin bir fikri var. Şəxsən özüm uşaqlarımızın, ana-bacılarımızın, oğullarımızın qatilinin mənə "qardaş" deməsini qəbul edə bilmərəm. Nəinki mənə, heç bir Azərbaycan xalqının övladına. Mən də ona eyni cür müraciət etmərəm. Mənə qardaş, dost və yoldaş ola bilməz".

Qeyd edək ki, Erik Avetyan Aleksey İsayevi Azərbaycan yığmasının Portuqaliyaya 0:1 hesabı ilə uduzduğu matçdan sonra millidə debütü münasibətilə təbrik edib. İsayev Avetyana "qardaş" deyə cavab versə də, daha sonra paylaşımını silib.

Son xəbərlər

Orphus sistemi