Şahin Diniyev keçmiş komandasının oğlunun klubunu udmasına sevinib

Şahin Diniyev keçmiş komandasının oğlunun klubunu udmasına sevinib "Yüngül və dırnaqarası baxanda futbol elə ədalətli oyundur ki, cəzalanırsan. Oyunun içində isə gedişatı dəyişmək çox çətindir və vaxt az olur"
Futbol
26 Yanvar , 2021 11:33
Şahin Diniyev keçmiş komandasının oğlunun klubunu udmasına sevinib
Şahin Diniyev

"I Divizion təmsilçiləri Premyer Liqa komandaları üçün asan rəqiblər olmadı. "Turan Tovuz" "Qəbələ"yə, "Zaqatala" isə "Səbail"ə qarşı layiqli mübarizə apardı. "Zaqatala" da növbəti mərhələyə adlamağa yaxın oldu, lakin ikinci hissədə təcrübələri çatmadı. Digər ikisinin edə bilmədiyini isə "Kəpəz" gerçəkləşdirdi".

Bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, Gəncə klubu "Sabah"ı Bakıda 2:1 hesabı ilə yendiyi matçda düzgün oyun sistemi qurub: "Kimsə bunu sensasiya sayır. Oyuna baxanda isə bunu sensasiya saymaq olmaz. Hər birimizin - azarkeşlər, mütəxəssislər və futbol adamlarının beynində bir şey var ki, aşağı dəstə ilə Premyer Liqa arasında yerlə göy qədər fərq var. Kubok matçları bunun əksini göstərdi. Fərq var, amma bizim fikirləşdiyimiz qədər deyil. "Kəpəz"in 1/4 finala yüksəlməsi ilə deyə bilmərik ki, hamısının səviyyəsi bərabərdir. Gəncə klubu təsadüflə yox, oynayaraq mərhələ keçdi. Burada motivasiya ön plandadır. I Divizion klubları kuboka daha motivasiyalı yanaşdılar. Səhv etmirəmsə, 3 oyun televiziya vasitəsi ilə canlı yayımlandı. Hər futbolçu isə özünü yaxşı tərəfdən göstərmək niyyətində idi. Bu həm də Premyer Liqa klublarının diqqətini cəlb etmək, orada oynamaq üçün əllərinə düşmüş şans idi".

2004/2005 mövsümündə və 2015 - 2017-ci illərdə "Kəpəz"in baş məşqçisi olmuş Ş.Diniyev hər zaman aşağı dəstə komandalarının Premyer Liqa klublarına qarşı motivasiyalı olduğunu vurğulayıb: "Kəpəz"in qələbəsi bir daha göstərdi ki, ustalıqla uğur əldə etmək yanlış yoldur. Ən əsas amil təkcə ustalıq deyil, istək, əzmkarlıq və motivasiyadır. Bölgə klublarının kubok oyunlarında motivasiyaları böyük idi, nəyisə sübut etmək istəyirdilər. Futbolda həmişə əsas heyətlə ikinci heyət oynayanda ikinci komanda qələbə qazanır. Premyer Liqa klubları bizim düşündüyümüz kimi, aralarında böyük fərqin olduğunu nəzərə alıb. Bu fikirləri yalnış oldu. Oyundan əvvəl motivasiyalı olmaq lazım idi. Yüngül və dırnaqarası baxanda futbol elə ədalətli oyundur ki, cəzalanırsan. Oyunun içində isə gedişatı dəyişmək çox çətindir və vaxt az olur. I Divizionun klubları oyuna böyük motivasiya ilə çıxmışdılarsa, Premyer Liqa komandaları bir az sanki bəsit yanaşmışdılar. Qarşılarındakı rəqiblərindən o qədər də güclü oyun gözləmirdilər".

Təcrübəli mütəxəssis oğlu Coşqun Diniyevin "Sabah"da oynadığını xatırladıb: "Səmimi deyim, həmişə övladın, yaxının haradadırsa, ora daha çox azarkeşlik edirsən. Lakin "Kəpəz" də mənim köhnə komandamdır. Onları izləmək maraqlı idi. Həm futbolçu kimi oynadığım, həm də baş məşqçi olduğum komandadır. Sevindim, kədərdən çox sevinc oldu. Digər tərəfdən, kədər də var idi ki, övladım çxış edən komanda məğlub oldu. İkili hisslər keçirirdim".

Ş.Diniyev "Sabah"ın baş məşqçisi Visente Qomes və klub barədə danışmaq istəmədiyini bildirib: "Bu, mənim işim deyil. Özüm də məşqçiyəm. Məşqçi olmasaydım, suallara məmnuniyyətlə cavab verərdim. Bir çox hallarda qalmasa da, məşqçiliyin etik normaları var. Məşqçi və klub haqqında danışmaq mənim səlahiyyətlərim daxilində deyil. Amma "Sabah" klubu haqqında danışmaq istəmirəm".

Son xəbərlər

Orphus sistemi