“Qələbə qazanmaq, uğurlu seriyanı davam etdirmək istəyirdik”.
"Report" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis bildirib ki, bu qələbə komandaya gələcək matçlar üçün əlavə motivasiya olacaq: "Hələ görüləcək işlərimiz çoxdur. Bu, meydanda sezilir. Futbolçularımı ürəkdən təbrik edirəm”.
Abasov müdafiə xəttindəki oyunçuların çıxışını xüsusi fərqləndirib: “Bu gün orta sahədəki üstünlüklə yanaşı, yaxşı mübarizə apardıq, bu baxımdan rəqibə uduzmadıq. Ümumi komanda şəklində lazımi anda futbolçular bir-birlərinə yaxın oldular, rəqibə çox boşluq vermədilər. İki mərkəz müdafiəçimiz və qapıçımız bu gün çox əziyyət çəkdilər. Həm müdafiəni, həm də orta sahəni nəzarətdə saxladılar”.
Baş məşqçi ölkə kubokunda məhz “Sabah”la görüşdəki gərginliyin bu dəfə təkrarlanmaması üçün futbolçularla söhbətlər aparıldığını sözlərinə əlavə edib: “Qətiyyətlə tapşırılmışdı ki, təxribatlardan, futbola aid olmayan dava-dalaşdan uzaq dursunlar. Çünki heç bir halda bunu qəbul etməyəcəkdim. Bu gün də həddindən artıq sərt oyun getdi. Bu, qınanılası şey deyil. Buna səbrlərini basdılar, üzüağ çıxdılar. Şükürlər olsun ki, buradan söz-səhbətsiz gedirik. Ölkə kubokundakı qarşılaşmanın birinci hissəsi bizim adımıza fiasko idi. Bu, reallıqdır. Həmin oyuna baxanda bu gün pis deyildi. Sadəcə, mübarizə və anında qərarlar yerində oldu, çox şeyi düz yerinə yetirdik. Qalibiyyət də bunun nəticəsi idi".