"Səbail"in baş məşqçisi: "Neftçi"nin təhlükəli futbolçuları var"

"Səbail"in baş məşqçisi: "Neftçi"nin təhlükəli futbolçuları var" "Uzun müddətdən sonra çempionatın bərpası hamını sevindirir. Futbolçular meydanda göstərdilər üçün matç üçün darıxıblar. Qarşılaşmanın favoriti rəqib idi. İlk hissədə yaxşı oynaya bilmədik, ikinci yarıda isə qol epizodları yarada bildik, amma bu yetmədi.
Futbol
21 Avqust , 2020 22:44
Səbailin baş məşqçisi: Neftçinin təhlükəli futbolçuları var
Aftandil Hacıyev

"Uzun müddətdən sonra çempionatın bərpası hamını sevindirir. Futbolçular meydanda göstərdilər ki, matç üçün darıxıblar. Qarşılaşmanın favoriti rəqib idi. İlk hissədə yaxşı oynaya bilmədik, ikinci yarıda isə qol epizodları yarada bildik, amma yetmədi".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın I turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, "Neftçi" qələbəyə layiq idi: "İkinci tura kifayət qədər vaxtımız var. Heyəti gücləndirməliyik, bəzi çatışmazlıqlar var. Bəzi oyunçular komandamızdan ayrılıb, bu gözlənilməz oldu. Çalışacağıq ki, bundan sonra kollektivdə rəqabəti artıraq. Buraxdığımız qolda tək Ruslan Hacıyevin yox, digər oyunçuların da səhvi oldu. "Neftçi"nin hücum xəttində təhlükəli futbolçuları var. "Neftçi"ni təbrik edirəm".

Hacıyev komandanın əsas hücumçusu Rauf Əliyevin start heyətdə meydana çıxmamasının səbəbini açıqlayıb: "Onun xroniki zədəsi var idi və bu səbəbdən ikinci yarıda meydana çıxıb. Onu meydana buraxanda risk etdik, təhlükəli idi. Hələ də dizində zədəsi var".

Baş məşqçi "Bu mövsüm üçün hədəf nədir" sualına belə cavab verib: "Hədəf hər zaman olmalıdır. Mənim qarşıma hansısa hədəf qoyulmaya bilər. Hər bir məşqçinin qarşısında məqsədi olmalıdır. Hədəfsiz idman mümkün deyil. Meydana çıxırsansa, qalib gəlmək, xal qazanmaq istəyirsən. Bizim də istəyimiz yüksək pillələrdə yer almaqdır. Ancaq reallığı da nəzərə almalıyıq. İnanıram ki, klubun vəziyyətini daha yaxşılaşdırıb, heyəti gücləndirib, mübarizə apara bilərik. Futbolçularımın da əməyini qabartmaq istəyirəm. Klub kimi peşəkarlaşmağa ehtiyacımız var. Bu yöndə daha çox çalışmalıyıq".

Premyer Liqa klublarında əvəzedici komandaların azalması məsələsinə də toxunan Hacıyev bunun yaxşı hal olmadığını bildirib: "Amma bəzən məcburiyyətdən klublar bu addıma əl atırlar. Bu gün “Qəbələ” kimi akademiyası olan klubun əvəzedici heyəti saxlaya bilməməsi üzücüdür. “Səbail”in də saxlaya bilməməsi həmin səbəblərdəndir. Əsas komandanın problemləri vaxtında həll etməməsi bu addıma vadar edir. İnanıram ki, gələcəkdə bunların hamısı bərpa olunar. Bəzən eşidirəm ki, “Səbail”in Premyer Liqada oynamaması haqda fikirlər səslənir. Klubların sayının artması daha yaxşı olar. Bunu üçün də klubların şəraiti yaxşılaşmalıdır".

Son xəbərlər

Orphus sistemi