"Bu qarşılaşmadan sonra hansı qərarı versəm, sizə açıqlayacağam. Bizim üçün həm oyun, həm də hesab baxımından pis gecə oldu".
"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Türliyə millisinin baş məşqçisi Şenol Güneş səfərdə Niderlanda 1:6 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis erkən qol buraxdıqlarını xatırladıb: "Daha yaxşı oynamaq istədik, amma fərqli hesabla məğlub olduq. Seçimlərim səhv idi. Futbolçular tapşırıqları yerinə yetirmək istəyirdi. Güclü və nümunəvi oyunçularım var".
Güneş DÇ-2022-yə vəsiqə qazanmaq şanslarının hələ davam etdiyini sözlərinə əlavə edib: "Qrupda ilk pilləni əldən verdiyimiz üçün məyusam. Azarkeşlərin haqqımda dediklərinə və yazılanlara hörmətlə yanaşıram. Məğlubiyyətə görə mən məsuliyyət daşıyıram. Hazırda 11 xal qazanmışıq. Oyunçuların səylərinə və yaxşı niyyətlərinə şübhəm yoxdur. Fanatların etiraz etməsi normaldır. Amma rəhbərliyin bu məsələ ilə əlaqəsi yoxdur. Onlar indiyədək hər dəstəyi verib. Burada məsuliyyət daşıyan şəxs mənəm. Seçimləri mən etmişəm, uğursuzluq da mənimdir".