Futbol üzrə Serbiya yığması Azərbaycan millisi ilə keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl problemlə üzləşib.
"Report" "Alo.rs" saytına istinadən xəbər verir ki, baş məşqçi Draqan Stoykoviç üç futbolçunun xidmətindən məhrum ola bilər.
Fransa çempionatında "Renn"də çıxış edən qapıçı Predraq Raykoviç, "Strasburq"dan müdafiəçi Stefan Mitroviç və "Monpelye"nin yarımmüdafiəçisi Mixaylo Ristiçin qarşıdakı görüşlərdə oynamama təhlükəsi var.
Buna Fransa hökumətinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyətlər səbəb olub. Avropa Birliyinə daxil olmayan ölkələrdən Fransaya səfər edildikdə məcburi 10 günlük karantin tətbiq edilir. Bu isə o deməkdir ki, hər üç futbolçu Bakıdakı görüşdən sonra klublarına qayıdarkən karantinə alınacaq. Belə olacağı təqdirdə, futbolçular ən azı iki oyunu buraxacaqlar.
Qeyd edək ki, Serbiya millisi martın 24-də İrlandiyanı, 3 gün sonra isə Portuqaliyanı qəbul edəcək. Komanda martın 30-da Azərbaycan seçməsinin qonağı olacaq.