Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ"la matçından əvvəl Türkiyə "Sivasspor"u heyətlə bağlı növbəti problemlə üzləşib.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlama verib.
57 yaşlı mütəxəssis vitse-kapitan Hakan Arslanın zədələndiyini bildirib. O, 32 yaşlı müdafiəçinin belinə iynə vurulduğunu və bu səbəbdən, 4 gündür ayağa qalxa bilmədiyini sözlərinə əlavə edib.
Daha əvvəl "Sivasspor"un 3 futbolçusunda koronavirus aşkarlanıb.
Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Hakan Arslan III turda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda komandanı meydana kapitan kimi çıxarıb.