UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda "Qarabağ"la qarşılaşacaq Türkiyənin "Sivasspor" klubu bu mövsüm evdə qələbə qazana bilməyib.
"Report"un məlumatına görə, Rıza Çalımbayın baş məşqçi olduğu komanda Superliqada öz meydanında keçirdiyi 2 görüşdə uduzub, birində isə heç-heçə edib.
Sivas təmsilçisi birinci turda "Alanyaspor"a 0:1 hesabı ilə məğlub olub, üçüncü turda isə "Ankaragücü" ilə qolsuz heç-heçə edib. Komanda altıncı turda "Rizespor"a məğlub olub - 0:2.
Avropa Liqasındakı ilk matçında İspaniyada "Vilyarreal"a 3:5 hesabı ilə uduzan "Sivasspor", II turda evdə İsrail "Makkabi"si ilə bacarmayıb - 1:2. Komanda Superliqanın VII turu çərçivəsində bu gün səfərdə "Hatayspor"un qonağı olacaq.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam klubu qrupdakı ilk matçında Təl-Əvivdə "Makkabi"yə 0:1, ikinci görüşdə isə İstanbulda "Vilyarreal"a 1:3 hesabı ilə məğlub olub. UEFA-nın qərarına əsasən, Azərbaycan çempionu ev oyunlarını neytral meydanda keçirir.