"Hər şeydən əvvəl futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz".
"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Makedoniya "Şkupi"sinin baş məşqçisi Muarrem Bayrami ölkə çempionatının III turunda "Belasitsa" komandasına 2:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
O bildirib ki, ilk hissədə 100 faizli qol imkanları olsa da, bundan yararlana bilməyiblər. O, son dəqiqələrdə vurulan qollarla qazandıqları 3 xala görə məmnun olduqlarını vurğulayıb.
Bayrami artıq bütün diqqətlərinin "Neftçi"ilə görüşə yönəldiyini söyləyib: "Bu gündən Bakıda baş tutacaq oyunun hazırlıqlarına başlayırıq".
Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Şkupi" matçı saat 20:00-da başlayacaq.