"Yığmaya yaxşı ab-havada gəlmişəm. "Barselona"ya qol vurduqdan sonra əhvalım pis ola bilməz".
"Report"un məlumatına görə, bu fikirləri Slovakiya yığmasının futzalçısı Tomaş Draxovski Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi federasiyanın rəsmi saytına müsahibəsində deyib.
İspaniyanın "Qarsia" klubunda çıxış edən oyunçu qarşıdakı matçın xüsusi önəm daşıdığını bildirib: "Bundan sonra vəziyyətin necə inkişaf edəcəyini görəcəyik. Fikrimcə, hər şey Moldova ilə keçirəcəyimiz son qarşılaşmada bəlli olacaq".
28 yaşlı futzalçı Azərbaycan millisinə Bakıda 1:4 hesabı ilə uduzduqları görüşü də xatırlayıb. Draxovski həmin matçda pis təsir bağışlamadıqlarını əlavə edib: "Səfərə itkilərlə yollansaq da, əla oynadıq. Sadəcə nəticə istədiyimiz kimi olmadı".
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq. Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.