Rusiya millisinin və Polşanın "Legiya" klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini fərqləndirib.
"Report"un məlumatına görə, 58 yaşlı mütəxəssis Moskva "Spartak"ının evdə Varşava təmsilçisinə 0:1 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı müsahibəsində fikirlərini bölüşüb.
Çerçesov ilk olaraq "Legiya"nın qapıçısı Artur Boruts haqqında danışıb: "Öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi".
Qeyd edək ki, "Legiya" hazırda 3 xalla C qrunda liderdir. İngiltərənin "Lester" və İtaliyanın "Napoli" komandalarının hərəyə bir xalı var. Xalı olmayan "Spartak" isə qrupda sonuncu pillədə qərarlaşıb.