"İrlandiyadan sonra Kriştianu Ronaldu, Dioqu Jota və digər dahi futbolçuların çıxış etdiyi Portuqaliya millisinə qarşı oynadıq. Bu rəqiblə 2:2 hesablı heç-heçə Draqan Stoykoviçin komandaya gətirdiyi ruhun nəticəsidir".
"Report"un məlumatına görə, bu fikirləri Serbiya millisinin fiziki hazırlıq üzrə məşqçisi Katuşito Kinoşi yığmanın baş məşqçisi Draqan Stoykoviçin futbolçuları DÇ-2022-nin seçmə mərhələ oyunlarına kökləməsi barədə danışarkən deyib.
Yaponiyalı mütəxəssis bildirib ki, Stoykoviç oyunçulara heç vaxt təslim olmamağı tapşırır: "Baş məşqçi hər zaman bu sözləri təkrarlayır. Mənim işim isə komandanı İrlandiya ilə oyundan sonra bərpa etmək və düşüncələrini təzələmək idi. Çünki beyinləri yorğundursa, yaxşı idman edə bilməzlər. Cəmi iki günə bu işi necə görəcəyimdən narahat idim".
Kinoşi serbiyalı mütəxəssisin Azərbaycan millisi ilə Bakıdakı oyundan öncə komanda üzvlərinə dediyi fikirləri də açıqlayıb: "Portuqaliya ilə matçdan sonra bizi Azərbaycanla oyun gözləyirdi. Cənab Stoykoviçin futbolçulara nə dediyini bilirsiniz? Söylədi ki, burada qalib gəlməsəniz, əvvəlki iki oyun mənasını itirəcək. Atmosfer əla idi. Futbolçuların gözlərində qələbə əzmini və əsl xarizmanı gördüm".
Qeyd edək ki, Azərbaycan və Serbiya yığmaları arasında martın 30-da Bakı Olimpiya Stadionunda keçirilmiş qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.