"Birinci hissədə rəqib üstün idi və təzyiqi artırdı. İkinci yarıda öz oyunumuzu tapdıq və daha yaxşı oynadıq. "Qarabağ" oynamağa imkan vermirdi".
"Report"un məlumatına görə, bunu İsveçrə "Sürix"inin baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis bəzi səhvlər etdiklərini söyləyib: "İlk yarı rəqibin, ikinci hissə isə bizim hesabımıza yazıla bilər. Birinci hissədə 2:0 ədalətli nəticə idi".
Foda birinci hissədə "Qarabağ"ı saxlaya bilmədiklərini etiraf edib: "Fasilədə bir neçə dəyişiklik etdim və bu da özünü göstərdi. Rəqib topu yaxşı saxlayırdı. Qapıçıları Şahruddin Məhəmmədəliyev onları bir neçə epizodda qoldan xilas etdi. Düşünürəm ki, 3:3 hesabı layiqli nəticə olardı".
Baş məşqçi növbəti mərhələ üçün şansların bərabər olduğunu söyləyib: "Komanda uduzanda sevinə bilmərəm. Cütün taleyinə ikinci oyunda aydınlıq gələcək".
Mütəxəssis qapıçılarının hər üç qolu yaxın küncdən buraxmasına da münasibət bildirib: "Qollara baxmağa imkanım olmayıb. Sabah təhlil edəcəyik. Əsas odur ki, ikinci hissədə komanda ruhunu itirmədi və qollar vurdu. “Qarabağ”ın üstünlüyü odur ki, çempionat oyunu yoxdur, cavab oyununa rahat hazırlaşacaq. Bizim isə şənbə günü çempionat matçımız olacaq. Bu gün “Qarabağ”ı təhlil etdiyim şəkildə gördüm. Birinci hissədə epizodların birində penalti təyin etmək olardı".
Foda küləyin matça təsir etmədiyini sözlərinə əlavə edib: "Sürətli oyun izlədik. Bəlkə də, 3:3 və ya 4:4 hesabı ədalətli nəticə olardı".