"Qarabağ"ın prezidenti Kipr AEL-inə qarşı keçiriləcək UEFA Konfrans Liqasının cavab oyunu ərəfəsində baş məşqçi Qurban Qurbanov və klubun idarəçiləri ilə görüşüb.
"Report"un məlumatına görə, görüş öncəsi son məşq zamanı baş tutan görüşdə komandanın son avrokubok qarşılaşmaları ilə bağlı müzakirələr aparılıb.
Bundan başqa, Tahir Gözələ yeni transferlər haqqında ətraflı məlumat verilib. O da öz növbəsində yeni gələn futbolçuların tezliklə komandaya uyğunlaşacağına ümid etdiyini və komandanın gücünə güc qatacaqlarına inandığını deyib. Klub prezidenti "Qarabağ"ın uğurlarında pay sahibi olmuş Riçard Almeydanın qayıdışından məmnun olduğunu söyləyib və davam edən transfer çalışmaları ilə bağlı hesabatı dinləyib.
Tahir Gözəl sabahkı matçda başda Qurbanov olmaqla, bütün komandaya uğurlar arzulayıb. O bildirib ki, belə görüşlərin bundan sonra çox olması və gələcək strategiya ilə bağlı mütəmadi müzakirələr aparılması çox vacibdir.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.