Tahir Gözəl: "Ruh bədənə qovuşdu"

Tahir Gözəl: "Ruh bədənə qovuşdu" "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Şuşanın işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.
Futbol
8 Noyabr , 2020 22:41
Tahir Gözəl: Ruh bədənə qovuşdu
Tahir Gözəl

"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Şuşanın işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, T.Gözəl əlamətdar gün münasibətilə təbriklərini çatdırıb:

- Doğrudan da, bu gün Azərbaycanın müstəqilliyindən bəri qızıl hərflərlə yazılmış ən mənəvi günlərdən biri, hətta birincisi oldu. Hər il bu günü böyük bayram kimi qeyd edəcəyik. Ali Baş Komandanın böyük səbri, dahiliyi və şücaəti, Ordumuzun fədakarlığı və verdiyimiz şəhidlərlə böyük zəhmətlə şanlı qələbəyə imza atıldı. Ordumuza nə qədər minnətdarlığımızı bildirsək də azdır.

8 noyabr - mənəviyyat günüdür, Qələbə günüdür! Mən Qarabağ döyüşlərində şəhid və qazi olanların ailələrinə daim baş çəkmişəm. Onların məyusluğu, ürəklərində bir parçanın olmadığını, torpaqlarından çıxdıqdan bəri Vətən içində vətənsizlik yaşadıqlarını görəndə həmişə bir qüssə hissi yaşayırdım. Bu tarixi gün yüz minlərlə insanın ruhunun bədəninə qovuşması kimi onlara həyat verəcək. Demək olar ki, ruh bədənə qovuşdu və bu, çox böyük sevinc hissi yaratdı.

- Bu qələbəyə çatmağa hansı amillər rol oynadı?

- Amillər çoxdur. Xalqımızın səbri, Ali rəhbərliyə olan inamı, iqtisadiyyatımızın sabitliyi, güclülüyü, Ordumuzun şücaəti, gətirilən texnologiyalar hansı ki, hərbi hədəfləri dəqiq hesablayaraq sivil əhaliyə zərər vurmadan hərbi obyektləri məhv edir. Lakin ən böyük səbəb - Azərbaycan ölkə rəhbərliyi ilə Ermənistan rəhbərliyi arasındakı fərqdir.

Bizim Ali Baş Komandanın möhtəşəm səbri, müdrikliyi, ağırlığı, dahiliyi ilə, xalqın dərdlərini hiss edə-edə və ən düzgün vaxt taparaq bütün dünyanın, qonşu dövlətlərin dəstəyini alaraq torpaqları bizə qaytardı. Bu, böyük zəfərdir. Hesab edirəm ki, ən böyük fərq iki ölkə liderləri arasındadır. Bu, bir qələbə mənbəyidir. Əlbəttə, edilən fədakarlıqlar, göstərilən şücaət və verilən şəhidlər bu qələbədə xüsusi rol oynadı.

- Artıq torpaqlar azad olunur, bundan sonra əsas nələrə diqqət etmək lazımdır?

- Bundan sonra önəmlisi yaraları sarımaq, işğal altındakı bütün torpaqlarımızın azadlığı və Qarabağda sülhü bərpa etmək, sərhədlərimizi möhkəmləndirməkdir. Biz müsbət əhval-ruhiyyəmizi yalnız 1-2 gün deyil, illərlə qoruyub saxlamalıyıq. İş adamlarımız bu torpaqlara yatırım etməli, hər birimiz oralarda işlər görməli, investisiyalar yatırmalıyıq. Ali Baş Komandanımızın da dediyi kimi, bir yumruq kimi birik. Bu birliyimizi hər sahədə, göstərməliyik.

Fürsətdən istifadə edib həkimlərimizə təşəkkür edirəm. Onlar da koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda öz həyatları bahasına böyük fədakarlıq göstərib canlar xilas edirlər. Bu gün Azərbaycan öz tarixinin ən mənəvi günlərindən birini yaşayır. Vətən sevgisi heç kimə nifrət etmək deyil, öz vətəninə, xalqına, balasına kömək etmək deməkdir. İş adamları üçün vətən sevgisi ətrafdakılara, işsizlərə iş vermək, rifahı yüksəltmək, bununla öz dəstəyini göstərməkdir.

- Sonda, demək istədiyiniz başqa fikirlər varmı?

- Bir daha Azərbaycan xalqını, Türkiyə xalqını, bütün türk dünyasını təbrik edirəm. Tarixi bir hadisə yaşayırıq. Bəzi insanlar öz ata-analarının, bəziləri isə tarixin övladlarıdır. Tarix onu həyata gətirir, çünki həmin anda belə bir şəxsiyyət lazım olur.

İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin bizə bağışladığı ən böyük hədiyyədir. İlham Əliyev Heydər Əliyevin işlərinin davamçısıdır, torpaqlarımızı azad edəndir. Bir daha ümummilli liderimiz Heydər Əliyevi hörmətlə anır, ruhunun qarşısında baş əyirəm və Türkiyəyə mənəvi dəstəyinə görə təşəkkürümü bildirirəm. Azərbaycan Mədəniyyəti dostluğun, qardaşlığın, qonaqpərvərliyin, ağsaqqalların, etnik və dini toleralizmin yaratdığı birlik və çox tarixi kökü olan dünyanın nadir mədəniyyət nümunəsidir. Bir olaq, yumruq olaq, bahəm ölkəmizi abad edək.

Son xəbərlər

Orphus sistemi