"Milli komandamız hazırlıqlara başlayıb. Mayın 27-də Alanyada dost ölkə Azərbaycanla oynayacağıq".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir "beIN SPORTS" telekanalına açıqlamasında yığmanın keçirəcəyi yoldaşlıq görüşləri barədə danışarkən deyib.
Funksioner bildirib ki, Şimali İrlandiya ilə planlaşdırılan oyun pandemiya ilə bağlı məhdudiyyətlərə görə ləğv olunub: "Əvəzində Qvineya seçməsi ilə qarşılaşacağıq. Rəqib yaxşı oynayan komandadır. İyunun 3-də Almaniyada Moldova yığması ilə üz-üzə gələcəyik. Həmin ayın 11-də isə bütün dünyanın izləyəcəyi AVRO-2020-nin açılış matçında İtaliya millisi ilə oynayacağıq. Azarkeşlərin iştirakına icazə verilsə, biz də UEFA-dan öz fanatlarımızın stadiona buraxılmasını tələbə edəcəyik".
Özdemir Uels və İsveçrə ilə Bakıda keçirəcəkləri oyunlara da toxunub: "Bu 3 matçdan hədəflədiyimiz xalları alaraq, qrupdan çıxmaq istəyirik. Qarşıda duran ilk vəzifə pley-offa çıxmaqdır. Hamı kimi mənim də arzum "Uembli"də final oynamaqdır. Çox yaxşı komandamız var. Futbolçularımız müxtəlif ölkələrdə bizi təmsil edirlər. Şenol Güneşin rəhbərliyi altında finaladək irəliləmək istəyirik".
Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.