İngiltərə "Tottenhem"i İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb UEFA-nın London təmsilçisinə texniki məğlubiyyət verməsidir.
Avropa futbol qurumunun qərarından narazı qalan paytaxt klubu məsələyə yenidən baxılmasını tələb edəcək.
Qeyd edək ki, "Tottenhem"in Fransanın "Renn" klubuna qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin VI tur oyunu londonluların heyətində koronavirusa kütləvi yoluxma hallarına görə baş tutmayıb. Qitə futbol qurumu bu üzdən Premyer Liqa təmsilçisini texniki məğlubiyyətlə cəzalandırıb. Bu nəticədən sonra G qrupunda birinci yeri 14 xalla "Renn" tutub. İkinci yer 10 xala malik Niderland "Vitess"inə qismət olub. Hər iki komanda növbəti mərhələyə yüksəlib. 7 xala malik "Tottenhem" və 3 xalı olan Sloveniya "Mura"sı isə sonrakı pillələri tutduqları üçün qrupda qalıblar.