Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, dünən baş tutan 2 oyundan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşib.
Günün ilk matçında "Sivaspor" evdə "Antalyaspor"a uduzaraq mübarizəni dayandırıb. Qonaqları növbəti raunda yüksəldən qolu 62-ci dəqiqədə penaltidən Fredi vurub.
Mərhələnin son görüşündə isə "Beşiktaş" "Konyaspor"un qonağı olub. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 13-cü dəqiqədə qonaqların heyətində Oğuzhan Özyakub fərqlənib. Meydan sahibləri cəmi 5 dəqiqə sonra Abdulkerim Bardakçının qolu ilə hesabı bərabərləşdirib.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən komandalar daha 30 dəqiqə mübarizə aparıblar. Bu dəfə də tarazlıq pozulmadığı üçün penaltilər seriyasından istifadə olunub. Burada zərbələri daha dəqiq yerinə yetirən "Beşiktaş" (3:2) yarımfinala yüksəlib.
Qeyd edək ki, daha əvvəl "Başakşehir" və "Alanyaspor" komandaları yarımfinala vəsiqə qazanıblar. Bu mərhələdə "Antalyaspor" "Alanyaspor"la, "Başakşehir" isə "Beşiktaş"la qarşılaşacaq.