"Potensial rəqiblərimizin hamısı güclüdür. Oyunumuzu da səfərdə keçirəcəyik".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyə millisinin baş məşqçisi Ştefan Kunts Monteneqroya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis pley-offdakı bütün matçların çətin keçəcəyini bildirib. Almaniyalı baş məşqçi bu mərhələdə qarşılaşmaq istəmədiyi komandaların adlarını da açıqlayıb: "Mən buna nənəmin dediyi sözlərlə cavab vermək istəyirəm: "Təsir edə bilməyəcəyin şeylər haqqında çox fikirləşmə". Rəqiblərimizin hamısı çətindir, amma təbii ki, Portuqaliya və İtaliya səfərlərinə getməməyi üstün tutardım".
Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq. Səpələnməmişlər səbətində yer alan "ay-ulduzlular"ın potensial rəqibləri Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç və Uels yığmaladır.