2011-ci ildən təxirə salınmış Türkiyə Super Kuboku uğrunda oyun Bakıda keçirilə bilər.
"Report" xəbər verir ki, belə bir iddia ilə ölkənin tanınmış jurnalisti Ertem Şener çıxış edib.
O, "Fənərbağça" və "Beşiktaş" komandaları arasındakı matçın avqustda Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb.
Qeyd edək ki, 2011-ci ildəki qarşılaşma "Fənərbağça" rəsmilərinin adlarının danışılmış oyunlarda hallanması səbəbindən təxirə salınıb. "Fənərbağça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Super Kuboku uğrunda matçın oynanılmasını tələb edib. İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.
Xatırladaq ki, 2011-ci ildə "Fənərbağça" Türkiyə Super Liqasının, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.