Futbol üzrə Ukrayna Premyer Liqasında Azərbaycan dueli baş tutub.
"Report"un məlumatına görə, III turdan təxirə salınmış görüşdə Rüstəm Əhmədzadənin çıxış etdiyi "Minay" klubu Anatoli Nuriyevin formasını geyindiyi "Kolos"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda hesabı 50-ci dəqiqədə meydan sahiblərindən Denis Knış açıb. Qonaq komandanın bərabərlik qoluna isə Nuriyev imza atıb. 25 yaşlı futbolçu 90-cı dəqiqədə cərimə zərbəsindən fərqlənərək, sabiq klubunun qələbə qazanmasına mane olub.
Meydana start heyətində çıxan Əhmədzadə 82-ci dəqiqədə əvəzlənib. Nuriyev isə oyuna fasilədən sonra daxil olub. Hər iki hücumçu Azərbaycan millisinin üzvüdür.
Qeyd edək ki, hazırda 15 xalı olan "Kolos" 10-cu, 10 xalı olan "Minay" isə 14-cü pillədə qərarlaşıb.