İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "Qarabağ"la oyununun təxirə salınmasına münasibət bildirib.
"Report" xəbər verir ki, 49 yaşlı mütəxəssis matçın keçirilməsinin tərəfdarı olduğunu söyləyib.
İspaniyalı baş məşqçinin sözlərinə görə, böyük komandalar üçün bu cür turnirlərdə hər bir görüş vacibdir: "Qrupda son matçımızı oynamaq istərdik. Amma məlum səbəbdən qarşılaşma təxirə salınıb. Yekun qərarı UEFA verəcək. Hamımız gözləyirik".
Qeyd edək ki, dekabrın 10-da İspaniyada keçirilməli olan oyun Ağdam klubunun heyətində koronavirusa kütləvi yoluxma halı qeydə alındığı üçün təxirə salınıb. Matçın taleyi ilə bağlı yekun qərar yaxın günlərdə UEFA tərəfindən veriləcək. Görüşün ləğv olunacağı və Ağdam təmsilçisinə texniki məğlubiyyət veriləcəyi gözlənilir.