Xorvatiya Futbol İttifaqı (HNS) Azərbaycan və Monteneqro yığmaları arasında UEFA Millətlər Liqasının oyununun təşkili qarşılığında simvolik məbləğ qazanacaq.
"Report" xəbər verir ki, bu barədə "İnter" (Zapreşiç) klubunun prezidenti Branko Lalyak "sportske.jutarnji" nəşrinə açıqlamasında məlumat verib.
Funksioner bildirib ki, hər iki komandanın matçını təşkil etmək onların yaxşı niyyətindən xəbər verir: "UEFA-nın və yerli qurumların standartlarına hörmət ediləcək. Bir ay əvvəl Xorvatiya və İsveçrənin qadınlardan ibarət yığmaları arasındakı oyunu təşkil etdik. Hər şey yaxşı keçdi, ində də elə olacaq. HNS bizə Azərbaycan ilə Monteneqro komandalarının matçının Zapreşiçdə keçirilməsini istədiklərini bildirdi, biz də razılaşdıq. Görüş "Maksimir"də oynanmalı idi? Bu barədə heç nə bilmirəm".
Xorvatiya Futbol Asssosiasiyasının I vitse-prezidenti Ante Vuçemiloviç Şimunoviç də məsələ ilə bağlı danışıb: "Hər şeyə prezidentimiz Davor Şuker cavabdehdir. Onun AFFA rəhbərliyi və Monteneqro Futbol İttifaqının prezidenti Deyan Saviceviçlə yaxşı münasibətləri var. Şuker hər şeyi etdi".
Şimunoviç bir neçə dəfə Şukerlə birlikdə Azərbaycana gəldiyini xatırladıb: "Əmin oldum ki, o, AFFA rəhbərliyi ilə yaxşı dostdur. Bu səbəbdən, Azərbaycan tərəfi Xorvatiyada oynamağı xahiş edəndə problem olmadı. Əlbəttə, Şukerin Saviçeviçlə də münasibətləri yaxşıdır. Ona görə Monteneqro tərəfi də dərhal razılaşdı. Bəzi ilkin məlumatlara görə, matçın "Maksimir" stadionunda oynanılması lazım idi. Amma sonra Zapreşiç seçildi. Bu barədə hazırda bir şey bilmirəm. Amma əsas razılığın əldə olunması və Azərbaycandan olan dostlarımızın ehtiyaclarını ödəməyimizdir".
Qeyd edək ki, noyabrın 14-də Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.