"Burada olduğum üçün çox şadam və xoşbəxtəm".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi İvan Brkiç klubun rəsmi televiziyasına müsahibəsində deyib.
29 yaşlı qapıçı böyük və tarixi kluba keçdiyini bildirib: "Komandanın çoxlu ambisiyaları var. Klub üçün əlimdən gələnin ən yaxşısını etməyə hazıram".
Xorvatiyalı qolkiper danışıqlar prosesinin 6-7 gün əvvəl başladığını söyləyib: "Neftçi"dən təklif alandan sonra dərhal bu ölkədə çıxış edən bir neçə oyunçu ilə əlaqə saxladım. "Qarabağ"da oynayan futbolçu və "Neftçi"dən Voislav Stankoviçlə danışdım. Klub haqqında çox yaxşı məlumatlar verdilər".
Brkiç "ağ-qaralar"ın "Qarabağ" klubu ilə rəqabətindən xəbardar olduğunu vurğulayıb: "11 xallıq fərqi aradan qaldırmalıyıq. Sonda bu mübarizədə qalib gələ bilərik".
Oyunçu "Neftçi"nin keçmiş xorvatiyalı futbolçusu Qoran Paratski ilə əlaqə saxlamadığını sözlərinə əlavə edib: "İstra"da birlikdə oynadığımız müddətdə yaxşı münasibətimiz olub. Amma onun daha əvvəl "Neftçi"də çıxış etdiyini bilmirdim. Bu mövzu haqqında danışmamışıq. Bu gün ona yazıb bəzi məsələlər haqqında soruşacağam".
Brkiç paytaxt təmsilçisinin tarixində uğurlu xorvatiyalı oyunçu kimi yadda qalmaq istədiyini deyib: "Buraya gəlməmişdin əvvəl də "Neftçi" azarkeşlərdən çoxlu mesajlar alırdım. Bu, məni sevindirir. Bütün fanatlara təşəkkürümü bildirirəm. Əlimdən gələnin ən yaxşısını edəcəyəm. İnanıram ki, karyeramın ən yaxşı dönəmi məhz burada keçəcək. Düşünürəm ki, sonda qalib gələn tərəf də biz olacağıq".