"Yuventus" "İnter"i udaraq, 4-cü pilləyə yüksəldi

"Yuventus" "İnter"i udaraq, 4-cü pilləyə yüksəldi Futbol üzrə İtaliya A Seriyasının XXXVII tur matçında çempion "İnter" "Yuventus"un qonağı olub.
Futbol
15 May , 2021 22:04
Yuventus İnteri udaraq, 4-cü pilləyə yüksəldi

Futbol üzrə İtaliya A Seriyasının XXXVII tur matçında çempion "İnter" "Yuventus"un qonağı olub.

"Report"un məlumatına görə, Turindəki "Alyants Stadium"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Baş hakim Canpaolo Kalvareze ümumilikdə 3 dəfə penalti nöqtəsini, 2 dəfə isə qırmızı vərəqə göstərib.

Hesabı 24-cü dəqiqədə Kriştianu Ronaldu açıb. "Yuventus"un hücumçusunun yerinə yetirdiyi penaltini "İnter"in qapıçısı Samir Handanoviç qaytarsa da, təkrar zərbə dəqiq olub. Bu, portuqaliyalı forvardın karyerasında 777-ci qolu olub.

35-ci dəqiqədə Romelu Lukaku penalti ilə bərabərlik qolunu vurub. Lakin 45+4-cü dəqiqədə Xuan Kuadrado meydan sahiblərini yenidən hesabda irəli çıxarıb.

56-cı dəqiqədə Rodriqo Bentankur ikinci sarı vərəqəni alaraq, "Yuventus"u azlıqda qoyub. 84-cü dəqiqədə Corco Kyellini topu öz qapısına göndərib. Bununla belə, Kuadrado 88-ci dəqiqədə qələbə topunu vurmağa müvəffəq olub. 90-cı dəqiqədə isə Martselo Brozoviç qırmızı vərəqə alaraq, "İnter"i oyunu 10 futbolçu ilə bitirməyə məcbur edib.

Bu qələbədən sonra "Yuventus" 75 xalla Çempionlar Liqasına vəsiqə verən 4-cü pilləyə ən azı bir günlük yüksəlib. "İnter" isə 88 xalla 1-ci pillədədir və çempionluğu daha erkən təmin edib.

Bu nəticə həm də 67 xalla 6-cı pillədə gedən "Latsio"nun Çempionlar Liqasına yüksəlmə şanslarının üstündən xətt çəkib. "Latsio" bu gün "Roma" ilə səfər oyununda ən yaxşı halda 5-ci yer uğrunda mübarizə aparacaq. Bu pillənin hazırkı sahibi, 73 xala malik "Napoli" isə mayın 16-da "Fiorentina" ilə səfər matçında qalib gələrək, yenidən "Yuventus"u keçməyə çalışacaq.

Son xəbərlər

Orphus sistemi