"Yuventus"un İtaliya A Seriyasında 36-cı çempionluğu bəzi hədisələrlə əlamətdar olub.
"Report"un məlumatına görə, Turin klubu bu nəticə ilə "böyük 5-lik" liqalarında ən çox qələbə qazanan komanda ünvanına sahib çıxıb.
İkinci sırada 34 çempionluqla İspaniya "Real Madrid"i, 3-cü yerdə Almaniya "Bavariya"sı (30), 3-cü pillədə "Barselona" (26) qərarlaşıb. İngiltərənin "Mançester Yunayted" klubu isə 20 qələbə ilə 4-cüdür.
"Qoca sinyora"nın qapıçısı Canluici Buffon yerli çempionatda 10 dəfə qızıl medal qazanan yeganə futbolçu kimi tarixə düşüb. Onu hərəyə 9 çempionluqla komanda yoldaşları - italiyalı müdafiəçilər Leonardo Bonuççi və Corco Kyellini izləyir. Bonuççi bu uğurlardan 8-nə "Yuventus"un, 1-nə isə "İnter"in heyətində nail olub. Kyellini isə komandasının ardıcıl 9-cu çempionluğunda iştirak edən yeganə futbolçudur.
Braziliyalı yarımmüdafiəçi Duqlas Kosta "Yuventus"un heyətində ardıcıl 3-cü çempionluğunu əldə edib. Bu, 30 yaşlı futbolçunun son 11 ildə 10-cu belə uğurudur. Təcrübəli oyunçu daha əvvəl 5 dəfə Ukraynanın "Şaxtyor" (Donetsk), 1 dəfə isə Almaniyanın "Bavariya" komandasında bu sevinci yaşayıb.
Turinlilərin 36-cı çempionluğunu rəsmiləşdirdiyi "Sampdoriya" ilə matçda fərqlənən Kriştianu Ronaldu karyerası ərzində rəsmi turnirlərdə 735-ci qolunu vurub. Portuqaliyalı forvard bu göstəricidə Braziliya millisinin əfsanəvi oyunçusu Romarionu (734) geridə qoyub. Hazırda onu ilk pillədə yer alan digər braziliyalı veteran hücumçu Peledən 32 qol ayırır.
Qeyd edək ki, "Yuventus" XXXVI turda "Sampdoriya" üzərində 2:0 hesablı qələbə qazanmaqla xallarını 83-ə çatdırıb və sona 2 tur qalmış ən yaxın izləyicisi "İnter"i 7 xal geridə qoyaraq çempionluğunu rəsmiləşdirib.