İtaliya "Yuventus"unun sabiq direktoru Luçano Mocci Turin klubunun danışılmış oyunlara görə B Seriyasına göndərilməsindən sonra intihar etmək istəyib.
"Report"un məlumatına görə, bu barədə keçmiş funksioner "Football Italia" nəşrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Kalçopoli" qalmaqalından sonra küçəyə çıxmağa utanırdı: "Həmin vaxt çox şey, hətta özünəqəsd barədə düşünürdüm. Elə hiss edirdim ki, bir ağacın başındayam və aşağıda hamı məni nişan alıb güllələməyə hazırdır. İlk 10 gün qorxunc idi. Televiziya, radio və qəzetlər daim qalmaqaldan bəhs edirdi. Məni fırıldaqçı kimi təqdim etmələri ağrılı idi. Əzilmişdim, sanki ev üstümə uçmuşdu".
Qeyd edək ki, İtaliya futbolunda rüşvət qalmaqalı 2006-cı ildə baş verib. Həmin hadisədən sonra "Yuventus" aşağı dəstəyə göndərilməklə yanaşı, iki çempionluq titulundan məhrum edilmişdi. Moccinin futbolla bağlı fəaliyyətinə isə ömürlük qadağa qoyulub.