Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, "Zəfər turu"nda günün ikinci matçı "Keşlə" və "Neftçi" komandaları arasında olub. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 11-ci dəqiqədə flaqmanın hücumçusu Tiaqo Bezerra açıb. Braziliyalı forvard 35-ci dəqiqədə 2-ci topu meydan sahiblərinin qapısından keçirib. "Keşlə" 42-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Felipe Santos penaltidən fərqlənib. 49-cu dəqiqədə Rəhman Hacıyev baxımlı qolla hesabı bərabərləşdirib. Son nöqtəni isə 86-cı dəqiqədə Anatol Abanq qoyub.
Bu nəticədən sonra "Neftçi" 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Zirə" ilə 3:3 hesablı heç-heçə edib. Tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.