"Öz ölkəmin bayrağı altında oynaya biləcəyim üçün sevincliyəm. Bu, mənim üçün həqiqətən böyük xoşbəxtlikdir".
"Report"un məlumatına görə, bunu "Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alması barədə "Lelo" nəşrinə müsahibəsində deyib.
26 yaşlı hücumçu bildirib ki, son iki mövsümdə Azərbaycan Premyer Liqasındakı çıxışı yığmaya çağırılmasında mühüm rol oynayıb: "Belə bir gözləntim var idi. Mən məşqlərdə öz işimlə məşğul olmalıyam. Oynayıb-oynamayacağıma isə baş məşqçi qərar verəcək".
Forvard "Zirə"də özünü yaxşı hiss etdiyini söyləyib: "Bu komandada öz oyunumu tapdım. Rəşad Sadıqov kimi baş məşqçinin rəhbərliyi altında çox şey öyrənmək və hər gün inkişaf etmək olar".
Volkov cari mövsümdə qarşısına qol sayı ilə bağlı hədəf qoymadığını vurğulayıb: "Bunu edə bilmərəm. Çünki vurduğum hər qol önəmlidir və mənə sevinc bəxş edir".