Ağcabədidə şəhidlərin xatirə bulağı kompleksindən oğurluq edilib

Ağcabədidə şəhidlərin xatirə bulağı kompleksindən oğurluq edilib Ağcabədi rayonunda Qarabağ müharibəsi şəhidləri Münasib Hüseyn oğlu Əliyev və onun qardaşı oğlu Polad Nuralı oğlu Əliyevin xatirələrinə inşa edilmiş abidə bulaq kompleksinin üzərindəki gül və əklillər oğurlanıb.
Hadisə
31 Oktyabr , 2022 17:51
Ağcabədidə şəhidlərin xatirə bulağı kompleksindən oğurluq edilib

Ağcabədi rayonunda Qarabağ müharibəsi şəhidləri Münasib Hüseyn oğlu Əliyev və onun qardaşı oğlu Polad Nuralı oğlu Əliyevin xatirələrinə inşa edilmiş bulaq kompleksinin üzərindəki gül və əklillər oğurlanıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Belə ki, ötən ilin dekabr ayında hər iki şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların yaşadığı küçədə xatirə bulağı inşa edilib.

Şəhidlərin ailəsindən bildirilib ki, mütəmadi olaraq abidənin üzərinə əklil və güllər qoyulub. Qeyd olunub ki, təxminən beş gün əvvəl abidənin üzərində əklil və gülləri yenisi ilə əvəzləyiblər. Amma ötən gecə, əklil və güllər yoxa çıxıb.

Hadisə ilə bağlı şəhidlərin ailəsi tərəfindən artıq hüquq-mühafizə orqanlarına müraciət olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət daxil olub. Qeyd edilib ki, hazırda müraciətlə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, Münasib Hüseyn oğlu Əliyev 1994-cü ilin yanvar ayında Ağdamın Mərzili kəndi istiqamətində itkin düşüb. Şəhid Polad Nuralı oğlu Əliyev isə 2005-ci il sentyabr ayında ermənilərin Tərtərin Borsunlu kəndi istiqamətindəki təxribatının qarşısını alarkən şəhid olub.

Son xəbərlər

Orphus sistemi