Ağdamın işğaldan azad olunan Yusifcanlı kəndindəki qəbiristanlıqda dəfn edilən yaxınlarının məzarını ziyarət etmək üçün qanunsuz olaraq kəndin ərazisinə daxil olarkən minaya düşərək xəsarət alanlardan ikisi vəziyyətinin ağır olduğu üçün Bakıya göndərilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə zamanı xəsarət alan Ağdam rayonunun Əfətli kənd sakinləri - 1985-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Abdulov Z.Əliyeva adına göz klinikasına, 1957-ci il təvəllüdlü Akif Muxtar oğlu Hüseynov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu yerləşdiriliblər.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosuna bildirilib ki, B.Abdulov hər iki gözünün, üz və bədənin aşağı ətrafının çoxsaylı qəlpə yarası, A.Hüseynov isə hər iki baldır sümüyünün qırılması və bədənin müxtəlif nahiyələrində çoxsaylı qəlpə yarası ilə xəstəxanaya yerləşdirilib və onlara ilkin tibbi yardım göstərildikdən sonra Bakıya göndərilib.
Qeyd edək ki, martın 16-da saat 17 radələrində Ağdam rayonunun Əfətli kəndində yaşayan Hüseynov Akif, oğlanları Razi, Bayram, Anar və qonşuları Bəhruz Abdulov Yusifcanlı kəndi ərazisindəki qəbiristanlıqda dəfn edilmiş yaxınlarının məzarını ziyarət etmək məqsədi ilə kənar şəxslərin girişinə məhdudiyyət qoyulmuş və minalardan təmizlənməmiş əraziyə daxil olarkən minaya düşüblər.
Nəticədə Razi və Bayram Hüseynov qardaşları həlak olub, digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.