Ötən il Almaniyada dinini dəyişərək sığınacaq tələb edən 9 Azərbaycan vətəndaşı ilə bağlı deportasiya qərarı verilib.
“Report”un Avropa bürosunun məlumatına görə, 2014-cü ildə Almaniyanın Bavariya əyalətindəki katolik kilsəsinə 4-ü bir ailənin üzvü olmaqla, ümumilikdə 9 nəfər dinlərini dəyişmək üçün müraciət ediblər. Xristianlığı qəbul edən azərbaycanlılar daha sonra Bavariya Miqrasiya İdarəsinə qaçqın statusu üçün müraciət ediblər. Lakin onların bu istəyi rədd olunub.
Barələrində könüllü ölkəni tərk etmələri ilə bağlı qərar çıxarılsa da, Azərbaycan vətəndaşları məhkəməyə müraciət ediblər. Məhkəmə prosesi koronavirus pandemiyası səbəbindən uzanıb və nəhayət keçən ay yekun məhkəmə prosesi keçirilib.
Münhen şəhər İdarə Məhkəməsi Azərbaycan vətəndaşlarının ölkədən deportasiya edilmələri ilə bağlı qərar verib. Onlar məhkəmədən sonra Deggendorf şəhərində yerləşən deportasiya olunacaqların müvəqqəti saxlanıldığı mərkəzə gətiriliblər.