Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkəmənin müvafiq qərarı ilə Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə avtoxuliqanlıq edib Dövlət Yol Polisi əməkdaşlarının əmrinə tabe olmayan şəxsin görüntülərinin yayılmasına aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, avqustun 8-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyatına təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilib.
"Lakin avtomobilin sürücüsü buna məhəl qoymayıb və avtoxuliqanlıq hərəkətlərini davam etdirib. Həmin sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib. E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.