Almaniya Federal Kriminal Polisinin Avropa Polis Təşkilatı (Europol) ilə keçirdiyi birgə əməliyyat nəticəsində müxtəlif ölkələrdən olan sığınacaq axtaranları qanunsuz olaraq Avropa ölkələrinə gətirən cinayətkar dəstənin üzvləri saxlanılıblar.
“Report” un Avropa bürosunun məlumatına görə, 21-44 yaşlı Livan, Suriya və Liviya vətəndaşlarından ibarət 7 nəfərlik dəstə üzvləri 2019-cu ildən bəri avtobus, yük maşını və qayıqlarla 140-dan çox sığınacaq axtaranı pul qarşılığından qanunsuz olaraq Avropaya gətirib. Qanunsuz olaraq Avropaya gətirilənlər əsasən, Əfqanıstan, Pakistan, İran, Azərbaycan, Ermənistan və Monqolustan vətəndaşları olublar.
Saxlanılan dəstə üzvlərinin evlərində aparılan axtarış zamanı sığınacaq axtaranlara aid pasport, şəxsiyyət vəsiqəsi, müxtəlif dövlət qurumlarına aid sənədlər, foto və video məlumatların olduğu xarici yaddaş qurğular götürülüb.
Dəstə üzvlərinin polisdə ilkin ifadəsi zamanı məlum olub ki, onlar Türkiyə və Yunanıstana qədər sığınacaq axtaranları avtobus, yük maşını və qayıqlarla, daha sonra isə piyada Avropa Birliyi ölkələrinə gətiriblər.
Saxlanılan şəxslərin ifadəsinə əsasən “Europol” dəstə başçısını Avstriyada saxlayıb.
Faktla bağlı əməliyyat istintaq-tədbirləri davam etdiyindən başqa məlumat verilməyib.