Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərin yanında əyləşməsi ilə bağlı vəsatət qaldırıb.
Vəsatət təmin olunub.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktına əsasən, Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsirləri işgəncələr altında saxlayıb. Xosrovyan bir neçə erməni ilə cinayət əlaqəsinə girərək Kazımov Həbib Muxtar oğlunu əsir götürərək baş və bədən nayihəsinə ağır zərbələr yetirib və onu ağır işgəncələrə məruz qoyub.
L.Mkrtçyan 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində - Murovdağda əsir düşən Hacıyev Elman Rəhman oğlunu Xocavənd rayonunun Ağbulaq kəndi istiqamətinə apararaq orada ona işgəncələr verib, onu ağır fiziki işlərə cəlb edib və ac-susuz saxlayıb.
A.Xosrovyan bir qrup erməni ilə Ağdamın Cəbrayıllı kəndində əsgər Əliyev Famil Heydərəli oğlunu əsir götürüb, qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılarkən ona dəmir və taxta parçaları ilə xəsarətlər yetirərək ac-susuz saxlayıb. Beləliklə, ona işgəncələr verib.
A.Xosrovyan Ağdamda 1994-cü ildə əsir düşən Hüseynov Cavid Alı oğlunun qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında işgəncələrə məruz qoyub və onu şaxtalı havada qarın altında saxlayaraq baş və göz nayihəsinə ağır zərbələr vurub. Bununla da C.Hüseynov gözlərinin ikisinin də görmə qabiliyyətini itirib.
A.Xosrovyan 1994-cü ildə Kəlbəcərdə əsir düşən Babayev Kamil İdris oğluna qanunsuz olaraq saxlanıldığı Şuşa həbsxanasında baş və bədəninə avtomat qundağı ilə ac-susuz vəziyyətdə mütəmadi xəsarətlər yetirib.
A.Xosrovyan Kəlbəcərdə Ömər aşırımında əsir düşən əsgər Abduləliyev Yaşar Abduləli oğlunu Kəlbəcərdəki evlərdən birində saxlayaraq müxtəlif alətlərlə döyərək ona xəsarətlər yetirib.
L.Mkrtçyan erməni qruplaşması ilə birlikdə 1994-cü ildə Füzulidə yaralanaraq əsir düşən Həsənov Zahidi qanunsuz olaraq saxlanıldığı əsirlik dövründə ağır işgəncələrə məruz qoyublar və ona xəsarətlər yetiriblər.
Onlar qış aylarında qanunsuz olaraq saxlanılan əsirin üzərinə soyuq su tökərək onu döyüb və ac saxlayıblar.
1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə Qafarov Rauf Şəmsəddin oğlunu əsir götürüb, onu yumruq və təpiklə döyərək siqaret kötüklərini bədənində söndürüb və ağır işgəncə məruz qoyub.
Mkrtçyan 1998-1999-cu ildə İslamov Elşən Sabir oğlunu qanunsuz saxlanılan vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında tərcüməçi kimi iştirak edərək Elşən İslamova işgəncələr verib, onu Ermənistan vətəndaşlığını qəbul etmədiyi üçün ağır işgəncələrə məruz qoyub.
Azərbaycanlılara işgəncə verən L. Mkrtçyan həmçinin ermənilər tərəfindən yaralı vəziyyətdə əsir götürülən Bərdə sakini Vəliyev Qərib Rövşən oğluna da işgəncələr verib. O, azərbaycanlı əsirə təzyiqlər göstərərək boynunu qırmaqla hədələyib, dizi ilə döş qəfəsinə müxtəlif zərbələr vurub, avtomat silahının qundağı və ağır dəmir parçaları ilə onu vurub, azərbaycanlı əsiri yerə yıxaraq ayağı ilə sifətini sıxıb, başını və sifətini dəfələrlə soyuq suda saxlayıb, nəfəs alması çətinləşənə qədər suda saxlayıb boğmağa cəhd edib.
Təqsirləndirilən şəxs 2016-cı ildə aprel ayında olan döyüşlər zamanı da Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında könüllü olaraq iştirak edib.
2020-ci il başlanan döyüşlər zamanı o, könüllü olaraq döyüşlərə cəlb olunub.
2020-ci ilin 15 oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsgərov Firavan Xanbala oğlunu qətlə yetirib.
Həmin gün o, Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.
İttiham aktına görə, digər təqsirləndirilən A.Xosrovyan qabaqcadan əlbir olan bir qrup cinayətkar şəxslə birləşərək qanunsuz olaraq silahlar əldə edib. O, Birinci Qarabağ Müharibəsində Dağlıq Qarabağ bölgəsində yaşayan bir qrup erməni silahlı birləşmənin üzvləri ilə birləşərək 1993-cü ildə Qubadlı rayonunun Əliquluuşağı kəndində baş nayihəsindən yaralanan Kazımov Həbibi 1 il müddətində avtomat silahın qundağı, ağır dəmir parçaları ilə döyərək, ac-susuz saxlayaraq işgəncə verib.
O, L.Mkrtçyan və digərləri ilə birlikdə 1994-cü ildə əsir düşən Əliyev Famil Heydərəli oğluna Şuşa həbsxanasında saxlanarkən ağır xəsarətlər yetirib. Ac susuz saxlayıb.
A.Xosrovyan və digərləri ilə Ağdam rayonunun Güllücə kəndində 1994-cü ildə əsir düşən yaralı əsgər Hüseyn Cavid Alı oğlu ilə Şuşa həbsxanasında bir il amansız davranıb, şaxtalı havada qarın altında xlorlu soyuq suda saxlayıb.
1994-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində əsir düşən əsgər Babayev Kamil İdris oğlu ilə qəddar davranan A.Xosrovyan ona mütəmadi olaraq avtomat və dəmir parçaları ilə xəsarətlər yetirib.
Bundan başqa o 1994-cü ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qarın nahiyəsindən yaralanan əsgər Həsənov Zahid Əsgər oğluna hər gün işgəncələr verib, baş nahiyəsinə dəmir və ağac parçaları ilə xəsarətlər yetirib, ac saxlayıb.
Ağdam rayonunun Güllücə kəndində çiyin nayihəsində yaralanan əsir düşən Rzayev Zaur Vahid oğlu da Xosrovyanın işgəncələrinə məruz qalıb. Əsir əsgər Ağbulaq kəndindəki evlərdən birində saxlanılarkən ağır işlərə cəlb edib.
Xosrovyan onu döyüb, xəsarətlər yetirib, ayağındakı yaraları basaraq işgəncələr verib.
Xosrovyan ötən il oktyabrın 3-də Cəbrayıl şəhərinin yaxınlığında Azərbaycan Ordusunun hərbçiləri tərəfindən saxlanılaraq əsir götürülüb.
İttihama münasibət bildirən müttəhimlər özlərini qismən təqsirli biliblər.
Lüdvik Mkrtçyan əsir və girovlara işgəncə vermədiyini bildirib.
Prokuror deyib ki, ibtidai istintaqda ifadə verən zərərçəkmişlərin ifadələri təsdiqlənib. Həmin zərərçəkmişlərin ifadələri Şuşa şəhərindəki həbsxanada yoxlanılıb və sübutlar ifadələrlə düz gəlib.
Daha sonra prosesdə təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilsə də, onlar indiki mərhələdə susmaq hüququndan istifadə edib. Bildiriblər ki, zərərçəkmiş şəxslər dindiriləndən sonra ifadə verəcəklər.
Proses iyunun 16-na təyin olunub.
Fotolar əlavə olunub
Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə iclası davam etdirilir.
“Report”un əməkdaşı xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokurorun ittiham aktının elan etməsi və təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.
Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılan silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilib və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr verən Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.