Bakıda daha bir narkotacir saxlanıldı

Bakıda daha bir narkotacir saxlanıldı O, ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib
Hadisə
27 Fevral , 2021 13:14
Bakıda daha bir narkotacir saxlanıldı

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilmişdi.

Qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Son xəbərlər

Orphus sistemi