Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən şəxs müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlunun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.
K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb, istintaq hərəkətləri davam etdirilir.